"Kamal Abdulla ilə mübahisələrimiz olsa da..."
Gənc rejissor Mikayıl
Mikayılov "Şah və Şair"
tamaşasının uğur qazanacağına inanır
Son
illər Akademik Milli Dram Teatrında gənc rejissorlara geniş
yaradıcılıq imkanları yaradılır. Bu gün
teatrın repertuarında möhkəmlənən
tamaşaların əksəriyyətini məhz gənc
rejissorlar hazırlayıb.
Mikayıl
Mikayılov ölkənin baş teatrında iki tamaşaya
quruluş vermək şansı qazanıb. İstedadlı
rejissor tanınmış gürcü dramaturqu Avksentiy
Saqarelinin "Xanuma" pyesi ilə Akademik Milli Dram
Teatrında debüt etdi. Buna qədər "Yuğ"
Dövlət Teatrında Qoqolun "Viy", Dövlət
Musiqili Teatrında Süleyman Ələsgərovla Şıxəli
Qurbanovun "Milyonçunun dilənçi oğlu" əsərlərinə
quruluş verən Mikayıl Mikayılov "Xanuma"nın
uğurlu tamaşaçından sonra yenidən adından
söz etdirdi.
Akademik
Milli Dram Teatrında bu dəfə gənc və istedadlı
rejissora daha məsuliyyətli iş həvalə olundu.
Mikayıl Mikayılov görkəmli yazıçı Kamal
Abdullanın "Hamı səni sevənlər
burdadır" pyesi əsasında hazırlanan "Şah və
Şair" tamaşasına quruluş verdi.
"Şah
və Şair"i teatr ictimaiyyətinin mühakiməsinə
verən gənc rejissorla səfər ərəfəsində
görüşüb qısaca söhbətləşdik. Səfərin
marşrutu və məqsədi barədə bir qədər
sonra...
-
"Şah və Şair" tamaşaçının
premyerası böyük anşlaqla keçdi. Bir
tamaşaçı kimi belə başa düşdüm ki,
Şahın eyni zamanda Şair ola biləcəyini
mümkünsüz hesab edirsiniz...
- Əslində
məsələni konkret belə qoymuruq. Ortada bir sual var - Şah
və Şair bir yerdə ola bilirmi?
Bu suala cavab
tapılmalıdır. İnsan ya pis,
ya da yaxşı
ola bilər.
Həm yaxşı, həm pis insan
necə ola
bilər axı? Puşkin
"Motsart və Salyeri" əsərində
yazırdı ki, dahilik və canilik bir araya
sığmayan məfhumlardır.
Dahilərin həyatı, yaradıcılığı
ilə maraqlanırıq,
əsərlərini oxuyuruq.
Bəzən bizə elə
gəlir ki, həmin insan haqqında hər şeyi bilirik. Amma dahilərin bizə məlum olmayan, bilmədiyimiz tərəfləri
çoxdur.
- Bugünkü tamaşaçı xəyali
oyun üslubunda qoyulan "Şah və Şair" kimi tamaşanı qəbul etməyə tam hazırdırmı?
- Mən belə hesab edirəm ki, tam hazırdı. Təqdim etdiyimiz "Şah və Şair" tamaşasının uğur
qazanacağına məndə
böyük əminlik
var. Tamaşaçıların bu əsərə maraqla baxacaqlarına inanıram. Bəzən elə fikirləşirlər
ki, bizim tamaşaçı ancaq komediyaya baxmağı xoşlayır. Bu o qədər də doğru yanaşma deyil. Müxtəlif zövqlü insanlar
var. "Zövqlər barədə
mübahisə etməzlər"
fikri boş yerdən yaranmayıb.
Teatr da müxtəlif zövqlü insanların marağını təmin
etməyi bacarmalıdır.
Biz restorana gedəndə
ilk növbədə təklif
olunan menyüyə baxır, xoşladığımız
yeməyi sifariş veririk. Teatrda da çeşid
bol olmalıdır ki, tamaşaçı öz zövqünə uyğun tamaşanı seçmək imkanı qazansın.
- Tamaşaçılar "Şah
və Şair"də
həm Gənc Tamaşaçılar, həm
"Yuğ", həm
də Sumqayıt Teatrından aktyorları bir səhnədə gördülər. Özü
də hər aktyoru bir neçə
rolda...
- "Yuğ" Teatrından
dəvət etdiyimiz Vidadi Həsənov
Professor, Hüseyn bəy
Lələ və Şahın Lələsi obrazlarını yaradır. Sumqayıt Teatrından
dəvət olunan Oqtay Mehdiyev "Yuğ"da da rollar oynayır. Akademik Milli Dram Teatrının səhnəsində Napoleon kimi
mürəkkəb obrazla
debüt edib. Oqtay bizim tamaşada
Usta, Rəhim yüzbaşı, Fərraşbaşı
Səfiyar rollarındadır.
Hikmət Rəhimov "Yuğ"dan
tanınsa da, Akademik Milli Dram Teatrında da maraqlı rollar oynayıb. "Şah və Şair"də isə onu II Aspirant, Xızır və Şahın bənzəri kimi görürük. Bizim tamaşada
I Aspirantı və Şah İsmayılı yaradan Elşən Rüstəmov da son vaxtlar bu teatrın
səhnəsində müxtəlif
rollar oynayıb.
Belə bir aktyor heyəti
ilə və fərqli bir janrda çalışmaq maraqlı idi. Elə bilirəm
ki, aktyorların özlərinə də maraqlı gəldi. Hamımız birlikdə özümüz
üçün yeni üfüqlər kəşf
etdik.
- Tamaşa üzərində
yaradıcılıq işi
apararkən müəlliflə
münasibətləri necə
qururdun? Əsərin müəllifi kimi
Kamal Abdullanın bu prosesdə mövqeyi necə idi?
- Pyes əgər teatrın qapısından
içəri keçibsə
artıq təkcə müəllifin deyil, rejissorun da malıdır.
Teatr təkcə sözdən yox, həm də
əməldən, hərəkətdən
ibarətdir. Tamaşaya quruluş
verən rejissor səhnədə hər sözün arxasında hansı hərəkətin
durduğunu düşünür.
Kamal
Abdulla teatr qayda-qanunlarını
yaxşı bilən müəlliflərdəndir. Ona görə də yaradıcılıq prosesində
mənim bir quruluşçu rejissor kimi düşüncələrimi,
yanaşmamı qəbul
edirdi. Müəyyən məsələlərdə mübahisələrimiz olsa
da, sonda dramaturq yox, teatr qalib gəlirdi.
Yaradıcılıq prosesi elədir
ki, sən gərək öz fikrini sübut etməyi bacarasan. Kamal müəllim də deyirdi ki, filan
epizodun ixtisar olunmasının vacibliyini
inandır. Mən də
arqumentlərimi deyirdim.
Hər halda, Kamal Abdulla kimi istedadlı bir müəlliflə çalışmaq çox
maraqlı idi. Tamaşadan sonra Kamal müəllim əsər üzərində
yenidən işləyəcəyini
dedi.
- Kamal Abdullanın "Hamı səni sevənlər burdadır" pyesinə mərhum rejissorumuz Hüseynağa Atakişiyev
Gənclər Teatrında
quruluş vermişdi.
Müəllifin yenidən işlədiyi
bu əsər sənin səhnə yozumunda tamaşaya qoyuldu. Kamal müəllim əsər
üzərində işlədikdən
sonra rejissor kimi sənə müraciət etsə, tamaşaya quruluş verərsənmi?
- Gələcəkdə nəyin
necə olacağını
indidən bilmək olmaz.
- Gələcəkdən söhbət
düşmüşkən, eşitdim ki, səfərə gedirsən.
Ötən il
Qazaxıstanın Karaqanda
şəhərində tamaşa
hazırlamışdın. Bu
dəfə hansı teatrdan dəvət almısan?
- Karaqanda Teatrında
quruluş verdiyim Mirzə Fətəli Axundzadənin "Müsyo
Jordan və Dərviş
Məstəli Şah"
tamaşası bir neçə gün əvvəl Antalyadakı beynəlxalq festivalda uğurla baxılıb. İndi isə
bu əsərə quruluş vermək üçün Rusiya Federasiyasının Tümen
vilayətinə dəvət
olunmuşam. Tümen Teatrı
milli dramaturgiyamızın
banisi saylan Mirzə Fətəli Axundzadənin yaradıcılığına
müraciət edib.
Son illər Azərbaycan
dramaturqlarının əsərləri
müxtəlif ölkələrin
teatrlarında səhnəyə
qoyulur. Əvvəllər biz əcnəbi rejissorlar
dəvət edirdiksə,
indi bizim rejissorlar xaricdə tamaşa hazırlamağa
dəvət olunur.
Bu, çox faydalı
prosesdir və önəmli bir məsələdir. Ədəbiyyatımızı, mədəniyyətimizi və teatrımızı
başqa dövlətlərdə
təbliğ etmək
imkanı qazanmışam.
Bu fürsətdən uğurla istifadə etməyə çalışacam.
Etibar CƏBRAYILOĞLU
Ədalət.-2013.-1 iyun.-S.9.